M.E.Rasulzade-Stalinle ixtilal xatireleri
---------------------------------
Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “Fantastik adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük imperatorluğunun ən böyük diktatoru olaraq öldü” - deyə başlayır.
Həqiqətən də bəşəriyyətin yaşadığı bütün dünya tarixində İosif Vissarionoviç Cuqaşvili - Stalindən daha mütləq bir hökmdar yoxdur. Mühüm dərəcədə onun şəxsi fəaliyyətilə yaradılmış Sovet rejimindən daha totalitar bir rejim dünyada mövcud olmamışdır.
Dövrümüzün tarixini yazanlar tarixin bu ən böyük müstəbidi haqqında cürbəcür hökmlər verəcək, onun allahlaşdırılan şəxsiyyətini müxtəlif mövqelərdən təhlil edəcəklər. Fəqət biz onu bir küll olaraq ələ almaq niyyətində deyilik. Ən qorxunc rus çarlarına nəsib olmayan bir iqtidarla 30 ilə yaxın bir müddətdə Sovet imperatorluğundakı iki yüz milyon insanın müqəddəratına hökm edən,
yer kürəsinin üçdə birini kontrolu altına almış, bütün dinləri inkar edən kommunist dininin bir peyğəmbəri sayılan, totalitarlar totalitarı bir rejimin ən böyük nümayəndəsi Stalini, onun necə bir demaqoq, bir diplomat, bir diktator və necə bir terrorist, bir ixtilalçı (inqilabçı), bir marşal, bir generalissimus, fironlara, Neronlara, Çingizlərə rəhmət oxutduran bir tiran, bir qızıl çar olduğunu azad millətlər cəmiyyətində bilməyən bir kimsə yoxdur. Bilinənləri təkrar etmək istəmirik.
1905 və 1917-ci illərdə Rusiya şərtləri daxilində ortaya çıxan sosialist cərəyanlarına mənsub ixtilalçılar arasında adi bir şəxsiyyət olub, çox da əhəmiyyət verilməyən Stalinin mumiyalanmış cəsədi indi Marksdan sonra kommunizmin ikinci peyğəmbəri Leninin mumiyalanmış cəsədi yanında yatır.
Leninizm marksizmin bir təfsiri olaraq meydana gəlmişdi; stalinizm hər ikisini təkmil etmiş bir sistemdir. Hitlerin nasional-sosializm formulunu çevirib sosial-nasionalizm halına qoyan stalinizmi yaxşıca qavraya bilmək üçün Stalinin fantastik şəxsiyyətini haqqıyla anlamaq lazımdır. Bunu yapa bilmək üçün tarixçilərin Stalin haqqında yazılan xatirələri, nəql olunan təəssüratları və anladılan müşahidələri material olaraq gözdən keçirmələri lazım gələcəkdir.
Stalinizmin meydana gəlməsinin xarakterik cizgilərini əslinə yaxın bir şəkildə təsvir edə bilmək üçün hər kəsin özünə görə gördüyü və anladığı “Stalin”lərin qarşılaşdırılmasında, şübhəsiz, böyük bir fayda vardır.
Eyni dövrdə, eyni şərtlər daxilində, eyni nəslə mənsub olaraq yaşayan, dürlü zamanlarda, dürlü şərtlər altında Stalinlə bu və ya başqa şəkildə təmasa gəlmiş bulunan bir adam sifətilə xatirələrimin ona aid olan qismini nəşrə qərar verdim. Çarlıq rejiminə qarşı mücadilə Sovet istilası və əsarəti, Moskva yolunda, Moskvada iki il və Moskvadan qaçış fəsillərini ehtiva edən bu xatirələr çağdaş tarixçilərin işinə yarayarsa, sərf edilən əmək boşa getməmiş olar qənaətindəyəm.
Bu xatirələri Stalin həyatda ikən edilən bəzi təkliflərə rəğmən nəşr etmək istəməmişdim; çünki obyektiv olaraq nəql olunacaq hadisələrin bir qismi, bir baxımdan, qərəzli izaha yer qoya bilərdi. İndi isə bu ehtimal meydandan qalxmış, Stalin artıq tarixə qarışmışdır.
---------------------------------
Kitabi yukle:
Azerice - Klikle
1 yorum:
M.E.Resulzadenin "Nagahan bela" eserin elave ede bilersiz zehmet olmasa
Yorum Gönder